DİLİGÖDƏKLİK…
“Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik”. – Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda deyib (06.09.2024, İtaliya). Prezidentin İtaliyaya səfəri ilk gündən ilk ismarıcdan son günə – ölkəyə dönüşədək çox önəmli hadisələrlə yadda qaldı. Hadisə sözünü sözgəlişi işlətmirəm. “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürürk. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”. İtaliya Azərbaycanın qardaşı Türkiyə deyil, qardaş Türküstan respublikaları deyil; nə bilim, qonşu Gürcüstan, Rusiya deyil İtaliya; İtaliya İngiltərə deyil, ABŞ deyil; bir çox yaxın-uzaq ölkə konumunda da deyil İtaliya… amma bir nömrəli ticarət tərəfdaşıdır və bu uzun illərdir belədir. Deməli, burada bir hikmət vardır, necə deyərlər, qanunanuyğunluq vardır;
Deməli, qarşılıqlı güvən vardır,
keçilmiş yola sayğı, gələcəyə inam vardır.
Siyasi iradə olmadan uzunmüddətli “1 nömrəli tərəfdaş” statusunda qalmaq, çox çətin olardı, əlbəttə. Əlbəttə, Azərbaycanla İtaliya qarşılıqlı surətdə siyasi iradə, iqtisadi üstünlük nümayiş etdirməyi illər uzunu bacarıb.
İqtisadi, siyasi amillər isə öz növbəsində digər əməli çalışma sahələrinə sirayət edib. İtaliya–Azərbaycan Universitetinin qurulması, universitetə bu il ilk dəfə keçirilən qəbulda plan yerlərinin birinci turda 95,52% dolması dediklərimizə parlaq sübutdur.
Bütün bunlar gözəldir, alqışa layiqdir. Mən bu yazıda əsas diqqəti yazının “bismillah”ındakı cümləyə yönəltmək istərdim. Kəlbəcərdə təməlatmaların, açılışların ardından İtaliyaya səfər etmiş dövlət başçısının məhz Avropa Birliyi və NATO üzvü olan ölkədə o ismarıncı verməsi, təsadüf deyil.
Sentyabr ayının yaddaşımızda özəl yeri var zatən:
15 sentyabr – Bakının daşnak-bolşevik işğalından qurtuluş günü (1918),
18 sentyabr – Üzeyir Musiqi Günü,
20 sentyabr – “Əsrin Kontraktı”nın imzalandığı gün (1994),
20 sentyabr – Antiterror tədbirlərinin (2023) keçirilməsinin birinci ildönümü,
27 sentyabr – II Qarabağ müharibəsinin başlandığı gün (2020) və digər əlamətdar günlər…
Ayrıca,
Yeni dərs ilinin başlandığı ay olan bu ay, sanki yalnız məktəblərdə deyil, tarixdə və habelə yalnız cəbhə xəttində deyil, Vətən torpaqlarının bütün səthində ictimai-siyasi, mədəni, hərbi, sosial-iqtisadi… sahələr üzrə dərslər ayı olub. İtaliya ilə (necə deyərlər) güvən təzələnməsi, yüksək səviyyəli bağların davamı, inkişafı bu il sentyabra yeni məzmun qatmış oldu.
Bəli, bütün bunlar gözəldir, özəldir. Bu yazıda əsas diqqəti “bismillah”dakı cümləyə yönəltmək istəyimiz də təsadüfi deyil, təbii. Təbii, Ukraynanın ərazi bütövlüyünü ən başdan dəstəkləmişik, dəstəkləyirik, dəstəkləyəcəyik. Ukrayna ilə bizim elə bir bağımız da var ki, o, keçmiş “müttəfiq respublika”lardan yalnız Gürcüstanla Moldavaya aiddir – bu, bağın adı GUAM-dır. Məsələn, Ermənistanın çıxdı-çıxdı (“siçan-pişik”) oynadığı KTMT var, digər bölgəsəl, siyasi, iqtisadi, hərbi və b. birlik modelləri var və Ukrayna keçmiş SSRİ məkanındakı yapılanmaların heç birində deyil, məhz GUAM-dadır. Bax, bu, önəmli faktordur. İkincisi, Azərbaycan Ukraynaya sözdə deyil, təmənnalı deyil, qızışdırıcılıq üçün deyil, illa humanitar təfəkkürlə, xoşniyyətlə yardımlar etməkdə davam edir. – Bunları Ukrayna bilir, görür, amma bəzi Batı dairələri görməzdən, bilməzdən gəlir… Üstəlik, Ukraynanın ən azı 2 il 6 aydır etməyə çalışdığı işi biz 44 gün kimi qısa vaxt içində, öz daxili resurslarımız hesabına görə bilmişik. Özü də, Ukraynada ilk ilhaq 2014-cü ildə baş verdisə, biz Ermənistan və havadarlarının üç onillik boyu sürən işğalından danışırıq. Ukraynaya edilən maddi, hərbi, siyasi dəstəklərin bənzərini, bənzəri qalsın bir yana mində birini görmədən… bu azmış kimi, bir sürü “ittiham”, “iddia”larla üz-üzə qalaraq irəliləmişik biz…
Heç kəs düşünməsin ki, Ermənistan balaca, Rusiya böyükdür – söhbət işğal faktından gedir – bu, bir; ikincisi, Ukrayna da ərazicə, əhalicə, bir çox resurslar baxımından bizdən qat-qat böyükdür, güclüdür; üçüncüsü, indi bizim əziz, doğma Ukraynanı dəstəkləyən dövlətlərin bir çoxu, Ukraynaya hücum edən dövlətlə bir yerdə Ermənistanı yağlayıb-ballayırdı… – Yağlama-ballama üç onillik boyu sürdü və biz Dövlətin Xalqla Dəmir Yumruq birliyi ilə 27 sentyabr 2020-ci il tarixinin səhərində “o gün bu gündür!” deyib, bütün cəbhə boyu əsk-hücuma keçdik! İndi o gün şanlı, qürurlu Anım Günümüzdür!
Belə…
Bizim əks-hücumumuzun,
bizim antiterror tədbirlərimizin,
bizim qələbəmizin nə qədər qutsal olduğu hər keçən gün bir daha aydınlaşır. Azərbaycan mümkün olmayanı mümkün edib.
İndi bir çox batılı, neçə-neçə batmış, batacaqlar və başqaları bizim qarşımızda dili gödəkdir. Hardan danışsalar illa bir höyüş işləri yada düşür, qarşılarına çıxarırıq; nədən dəm vursalar, bizə münasibət və münasibətsizliklərini uhulət-suhulətlə xatırladırıq, “mıqq” edə bilmirlər…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
YORUMLAR